Balın və digər arıçılıq məhsullarının insan orqanizminə faydalarını saymaqla bitmir. Hər bir dərdə dərman arıçılıq məhsulları arasında  saf arı südünün xüsusi yeri var. Bu məhsul bir sıra xəstəliklərin, xüsusilə də ürək, qan-damar, göz və astma xəstəliklərinin müalicəsində əvəzsiz məlhəmdir.

 

Arı südü nədir və nədən hazırlanır?

 

İllərdir, ömrünü arıçılığa sərf edən Hikmət Əliyev deyir ki, arı südü 4-12 günlük işçi arıların udlaqüstü vəzilərindən ifraz etdiyi maddədir. Arı südü gel konsistensiyasında, axıcı, suda həll olan, krem ya da ağ rəngdə, turş və kəskin qoxulu maddədir. Bu qida maddəsinə süd deyilməsinin səbəbi rəng bənzərliyidir. Bununla yanaşı, ana arının qida qaynağı olması da səbəblər arasındadır.

 

Arı südünün tərkibində bir çox mineral və ferment mövcuddur. İşçi arılar yalnız sürfə dövrlərində 6 gün arı südü ilə bəsləndiyi halda, ana arılar müntəzəm olaraq arı südü ilə qidalanır. Arı südünün tərkibində A, C, D və E vitaminləri, B vitamin kompleksi, bir çox amin turşusu, fosfor, selenium, sink, manqan, maqnezium kimi bir çox əhəmiyyətli mineral, müxtəlif hormon və fermentlər var:“Biz arı təknəsində xüsusi üsküklər düzəldirik. Onun içinə arı ana arı yetişdirmək üçün yumurta qoyur.  Ananı həmin müddətdə biz hökmən oradan  götürürük. Üç gündən sonra həmin süfrələri xüsusi alət vasitəsi ilə oradan götürürük. Şiprislə həmin məhsulu oradan çəkib çıxarırıq. Bundan sonra həmin məhsul mütləq soyuducuda saxlanılmalıdır. Qəbul edərkən onu soyuducunun aşağı hissəsində saxlamaq məqsədə uyğundur”. 

 

Arı südü əvvəllər yalnız uşaqlar üçün istifadə edilirdi, bu gün isə hər kəsin istifadə etdiyi qida halına gəlib. Həkimlər genetik olaraq, xərçəng riski daşıyanlar üçün tövsiyə edirlər. Arıçı deyir ki, arının bu məhsulundan istifadə edərkən xüsusilə diqqətli olmaq lazımdır. Həddindən artıq dozada ya da səhv istifadə edilən arı südü allergiyaya səbəb ola biləcəyi kimi insanı zəhərləyə də bilər: “Xüsusilə üç xəstəlikdə ondan istifadə etmək olmaz. El arasında “brüz” xəstəliyi deyilən “Edison” xəstəliyində, allergiya və kəskin infeksion xəstəliklərdə arı südünü qəbul etmək olmaz”.

 

Arı südü aterosklerozda, mədə və 12 barmaq bağırsaq yaralarında, qaraciyər xəstəliklərində, uşaqlarda fiziki və zehni inkişafın zəifliyində, orqanizmin ümumi zəifliyində, süd əmizdirən qadınlarda süd azlığında müsbət təsir göstərir. Arı südü sidikqovucudur. Piylənməni ləngidir, qan dövranını normallaşdırır, endokrin vəzilərin funksiyasını isə tənzimləyir. Arının bu məhsulu qocalma prosesini ləngidən, yaddaşı və görməni yaxşılaşdıran, cinsiyyət vəzilərini fəallaşdırmaq və iştahı artırmaq xüsusiyyətlərinə malikdir.

 

Arı südündən radioaktiv zonalarda işləyənlərdə hüceyrələrin bərpa olunmasında və şüalanmanın zərərli təsirlərinin qarşısının alınmasında effektiv dərman kimi istifadə oluna bilər: “Arı südü dilin altına qoyulur. Özü-özünə sorulub getməlidir. Arı südünü daxilə qəbul etmək məsləhət deyil. Çünki bu məhsul mədədə olan turşunu tamamilə məhv edir. Bu zaman həmin südün tərkibi tamamilə dəyişir və keyfiyyətini itirmiş olur. Beyni çox gözəl qidalandırır. Görməyə çox güclü xeyirlidir. Müalicə müddəti 20-25-30 gün ərzində qəbul edilir. Onu da qeyd edim ki, arı südünün qəbulu yalnız səhər və günorta olmalıdır. Axşamlar qəbulu məqbul sayılmır. Çünki yuxu qaçıran xüsusiyyətə malikdir”.

 

Mütəxəssis deyir ki, arı südünün qəbulu bir kurs müalicədən sonra bir müddətlik dayandırılmalıdır. Yalnız üç aydan sonra təkrar müalicəyə başlamaq məqsədə uyğundur. Arı südündən istifadə zamanı onu digər arıçılıq məhsulları ilə də qarışdırıb qəbul etmək mümkindir. Bal, çiçək tozu və vərəmumla qarışdırılan məhlulun bir sıra dəri və mədə-bağırsaq xəstəliklərində istifadəsi yararlıdır. Bu qarışığın böyüklərə bir qaşıq verilməsi nəzərdə tutulursa, uşaqların 0,5 qaşıq qəbul etməsi məqsədə uyğundur.

 

Min bir dərdin dərmanı olan arı südünün satış qiymətinə gəlincə, alıcılar bu məhsulu qramı 3 manatdan 10 manata kimi əldə edə bilərlər. Qiymət fərqinin südünün tərkibi ilə heç bir bağlantısı yoxdur. Sadəcə bazar prinsiplərinə uyğun olaraq, hər kəs bu məhsulu istədiyi qiymətə sata bilir.

 

Arı südünə bölgələrdə daha çox tələbatın olduğunu deyən arıçılar hesab edir ki, paytaxt sakinləri arasında hələ də bu məhsulun faydası barədə yetərincə məlumat yoxdur. APA TV-nin şəhər sakinləri arasında apardığı sorğu da deyilənləri təsdiqləyir.

 

Ölkəmizdə arı südünün istehsalı və istehlakı kütləvi xarakter daşımasa da, bəzi xarici ölkələrdə bu, geniş yayılıb. Yaponiyada arı südü xüsusilə geniş vüsət tapıb. Orada dövlət tərəfindən məktəblərdə şagirdlərə arı südü verilir. Bu, həm gələcək nəslin sağlam və uzunömürlü olmasına, həm də şagirdlərin dərslərini daha yaxşı oxumasına müsbət təsir göstərir. Bu məqsədlə Yaponiya hər il özündə arı südü az olduğuna görə digər ölkələrdən, həmçinin qardaş Türkiyədən böyük miqdarda arı südü idxal edir.

BIR ŞƏRH BURAXIN

Please enter your comment!
Please enter your name here